REGİONLAR
Babək Rayon Xalq Teatrının hazırladığı “Beş manatlıq gəlin” əsəri səhnəyə qoyulub
Babək, 10 yanvar, AZƏRTAC
Babək Rayon Mədəniyyət Sarayında görkəmli yazıçı-dramaturq Məmməd Səid Ordubadinin “Beş manatlıq gəlin” komediyası əsasında rayon xalq teatrının hazırladığı tamaşa sakinlərə təqdim olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Yusif Əliyev, rejissoru Azərbaycan Respublikasının Əməkdar Artisti Vidadi Rəcəbli, musiqi tərtibatçısı isə Cabir Məmmədovdur.
Xalq teatrının aktyorları – Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli (Kəbleyi Hüseynli), Stella Babayeva (Səlbi), İsmayıl Qurbanov (Mirzə), Nuray Mehdiyeva (Naznaz), Rasim Qasımov (Qiyas), Ələkbər İsmayılov (Nadir), Yusif Əliyev (Mövsüm) komik obrazları təbii və özünəməxsus xarakterik cizgilərlə yarada biliblər. Tamaşa maraqla qarşılanıb.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova və Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov kollektivi təbrik edərək onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, Babək Rayon Xalq Teatrı muxtar respublikanın fəallığı ilə seçilən teatr kollektivlərindəndir. Bu il xalq teatrının yaradılmasının 10 illiyi tamam olur. Ötən illər ərzində xalq teatrı həm dramatik, həm də komediya janrında bir çox əsəri bacarıqla səhnəyə qoyub. Teatr bir sıra tamaşalarını muxtar respublikanın digər rayonlarında da göstərib.