İDMAN


Badmintonçularımız “Bahrain International Series-2018” turnirində üç medal qazanıblar

Bakı, 5 noyabr, AZƏRTAC

Bəhreynin Madinat-İsa şəhərində badminton üzrə “Bahrain International Series-2018” turnirinə yekun vurulub. Turnirdə iştirak edən badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni uğurlu çıxışla yadda qalıblar.

AZƏRTAC xəbər verir ki, kişilərin şəxsi yarışında mübarizəyə 1/16 finaldan start verən Ezmi Qovimuramadhoni yarımfinala kimi məğlubiyyətsiz irəliləyib. Yarımfinala kimi Bəhreyn, Pakistan, İordaniya badmintonçularına qalib gələn Ezmi bu mərhələdə ABŞ təmsilçisi Timoti Lamla qarşılaşıb. Üç set davam edən görüş amerikalı badmintonçunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Mübarizəni yarımfinalda dayandıran Qovimuramadhoni kişilərin şəxsi yarışında bürünc medal qazanıb.

Mübarizəyə 1/8 finaldan qoşulan Edi Reski Dviçayo isə yarımfinala kimi İngiltərə və Bəhreyn badmintonçularına qalib gəlib. Yarımfinalda Yaponiya idmançısı Haruki Fukuda üzərində 2:1 hesablı qələbə qazanan Edi finalda ABŞ badmintonçusu Timoti Lamla üz-üzə gəlib. Amerikalı rəqibini 2:0 hesabı ilə məğlub edən Dviçayo “Bahrain International Series-2018” turnirinin qızıl medalını qazanıb.

Badmintonçularımız eyni uğuru kişilərin qoşa yarışında da təkrarlayıblar. Bu kateqoriya üzrə yarışda mübarizəyə 1/4 finalda başlayan badmintonçularımız finala kimi Bəhreyn və Pakistandan olan həmkarlarına qalib gəliblər. Həlledici görüşdə yerli idmançılar Adnan və Cəfər İbrahim tandeminə 2:0 hesabı ilə qalib gələn Edi-Ezmi cütlüyü badmintonçuların qoşa yarışında qızıl medala sahib çıxıb.

Beləliklə, ilk dəfə badmintonçularımız beynəlxalq turnirdə ümumilikdə 3 medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.