SİYASƏT
Bahar Muradova: Azərbaycana qarşı səsləndirilən iddialara bizim konkret cavablarımız var
Bakı, 6 oktyabr, AZƏRTAC
ATƏT Parlament Assambleyasının Andorrada keçirilən payız sessiyasının bağlanışında bütün dünya bir daha erməni həyasızlığının şahidi olub.
AZƏRTAC xəbər verir ki, sessiyada çıxış edən Ermənistan nümayəndə heyətinin üzvü yenidən Azərbaycan mətbuatında və dərsliklərində ermənilərin düşmən obrazında göstərildiyini qeyd edərək, ölkəmiz ilə Ermənistan arasında yanlış müqayisə aparmağa çalışıb. Moderatorun erməni deputatdan reqlamentə uyğun olmayan və məntiqsiz çıxışını bitirməsini tələb etməsinə baxmayaraq, o, öz nitqini söyləməkdə davam edib. Lakin moderatorun bir neçə kəskin xəbərdarlığından sonra erməni deputatın çıxışı dayandırılıb.
İsrarlı tələblərdən sonra bağlanış sessiyasının əvvəlində söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə qeyri-formal görüşün təşkilinə və bu görüşdə şəxsən iştirak etdiyinə görə ATƏT PA-nın sədri xanım Kristin Muttonenə təşəkkürünü bildirib. Parlamentarilərə görüş haqda məlumat verən Azərbaycan nümayəndə heyətinin rəhbəri xüsusi olaraq vurğulayıb ki, sözdə sülhdən bəhs edən erməni deputatlar bu cür qeyri-ciddi iddiaları ilə sessiyanın gedişində gərginlik yaratmağa, müzakirə olunan vacib məsələlərin mahiyyətini kiçiltməyə, bununla da sessiyanın işinə maneə törətməyə cəhd edirlər.
Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndə heyətləri rəhbərlərinin görüşünün keçirildiyini xatırladan Bahar Muradova bu görüşün təşkilinə görə xanım Muttonenə bir daha minnətdarlıq edərək deyib: “Görüş zamanı biz gələcək çıxışlarımızda daha təmkinli olmaq barədə razılığa gəldik. Azərbaycan nümayəndə heyəti hər zaman olduğu kimi, sessiya günlərində də bu razılaşmaya riayət etdi. Mən çox təəssüf edirəm ki, bizim konstruktiv müzakirələrimiz bu şəkildə bitir”.
Ölkəmizə qarşı səsləndirilən iddialara münasibət bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb: “Azərbaycana qarşı səsləndirilən iddialara bizim konkret cavablarımız var. Ancaq biz burada polemika açıb mübahisə etmək niyyətində deyilik. İllər ərzində bu məzmunda qarşıdurmalar olmasına baxmayaraq, bu, heç vaxt müsbət nəticə verməyib. Buna görə də mən həmkarlarımızı vəziyyəti daha da gərginləşdirməyə təhrik edən çıxışlardan çəkinməyə çağırıram. Onsuz da onların təmsil etdikləri ölkənin nəzarəti altında olan işğal edilmiş Azərbaycan ərazilərində və təmas xəttində daim bununla məşğuldurlar”.
Bahar Muradova daha sonra bildirib: “Əgər biz parlament ölçüsü olaraq ümumi səylərin gözlədiyimiz nəticəni verməsinə müsbət təsir edə bilmiriksə, onda heç olmasa əlavə problemlər yaratmayaq”.