İQTİSADİYYAT
“Bakcell” şirkəti və Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı, 15 dekabr, AZƏRTAC
“Bakcell” şirkəti və Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers və Qərbi Kaspi Universitetinin rektoru Andris Leitas tərəfindən imzalanan Memoranduma əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə töhfə verəcək.
“Bakcell” ilə imzaladığımız bu razılaşma gənclərimiz üçün yeni gözəl imkanlar yaratmaqla yanaşı, bir çox birgə layihələrin həyata keçirilməsi üçün başlanğıc nöqtəsi olacaq. Həmçinin birgə fəaliyyətimiz çərçivəsində universitet tələbələrinin “Bakcell” şirkətinin müxtəlif təcrübə və stajkeçmə proqramlarında iştirakı və digər birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, “Bakcell”in təcrübəsi universitetimiz tərəfindən qurulmuş Yüksək Texnologiyalar Parkının Texnoparkının inkişaf etdirilməsinə, bu texnoparkda müxtəlif istiqamətlər üzrə startap layihələrinin həyata keçirilməsinə böyük dəstək olacaq”, - deyə Andris Leitas bildirib.
“Azərbaycanın milli mobil operatoru olaraq, “Bakcell” şirkəti üzün illərdir ki, Azərbaycan gənclərinə təhsil və karyeranın qurulması istiqamətlərində dəstək göstərir. Bu fəaliyyət çərçivəsində gənclər üçün şirkətdə təcrübə və iş imkanları yaradılıb. Biz Qərbi Kaspi Universiteti ilə əməkdaşlığa başlamağımıza çox şadıq və təbii ki, universitetin mühüm layihələrinin həyata keçirilməsində öz dəstəyimizi əsirgəməyəcəyik”, - deyə Nikolai Beckers bildirib.
Tərəflər arasında imzalanmış sənəd müxtəlif sahələr üzrə elmi-tədqiqat işlərinin aparılmasında stimullaşdırıcı tədbirlərin qarşılıqlı həyata keçirilməsi, tələbələrin təcrübə keçməsi üçün dəstək verilməsi, universitet məzunlarının ixtisaslarına uyğun işlə təmin edilməsinə dəstək verilməsini nəzərdə tutur. Eyni zamanda, razılaşmaya əsasən, “Bakcell” şirkəti özünün “Applab” layihəsi çərçivəsində gördüyü işlərə əsaslanaraq, universitet tərəfindən qurulmuş Yüksək Texnologiyalar Parkının inkişaf etdirilməsi və orada müxtəlif istiqamətlər üzrə startap layihələrinin həyata keçirilməsi sahəsində öz təcrübəsini bölüşəcək.