ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir
Bakı, 22 iyun, AZƏRTAC
Bakı Ali Neft Məktəbi hər il olduğu kimi, bu il də öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir. Belə ki, tələbələrin tədrisdə əldə etdikləri nəzəri biliklərin təcrübədə zənginləşdirilməsi məqsədilə hər il BANM-in tələbələri SOCAR-ın bir çox idarə və istehsalat müəssisələrinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərə, həmçinin Türkiyənin “Petkim” və “Star” kimya zavodlarına istehsalat təcrübəsinə göndərilir. Builki istehsalat təcrübəsinə ali məktəbimiz üzrə 326 nəfər tələbə cəlb olunub. Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan 140 tələbə “Azneft” İstehsalat Birliyinin idarələrində yay istehsalat təcrübələri keçirlər. Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr isə yay istehsalat təcrübəsini Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində keçirlər. İyul ayının 1-dən etibarən isə proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 49 tələbə “Emerson Process Management”, “AVANDSIS GROUP”, “Schneider Electric”, “NÖC və Avtomatika”, “ATENAU LTD” beynəlxalq şirkətlərində, həmçinin bu il ilk dəfə “Azərsu” ASC-də təcrübə keçəcəklər.
BANM-dən AZƏRTAC-a bildirilib ki, bu fikirləri ali məktəbin mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov müsahibəsində bildirib.
Onun sözlərinə görə, istehsalat təcrübəsi tələbələrin il ərzində əldə etdikləri nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə və onların təcrübəli mütəxəssis kimi yetişmələrinə kömək edir. İstehsalat təcrübəsi zamanı tələbələr, ilk növbədə, komanda işi ilə tanış olaraq ən son avadanlıq və texnologiyalardan istifadə etməklə şirkətin təcrübəli mütəxəssisləri ilə birlikdə müxtəlif layihələr həyata keçirirlər. Bundan başqa, tələbələr istehsalat təcrübəsi keçdikləri müəssisələrdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edir, uyğun geyimlərlə təmin olunur və gələcəkdə iş yerlərində bu kimi vərdişlərə yiyələnirlər.
Dekan builki istehsalat təcrübəsinin keçən illərdə təşkil olunan təcrübədən fərqləndiyini də deyib: “Hər il tapşırıqlar ali məktəb tərəfindən tələbələrə verilirdisə, bu il istehsalat təcrübəsi keçəcəkləri müəssisə tərəfindən faktiki işə uyğun olaraq təqdim edilir. Təcrübə keçirilən müddətdə tələbələr verilən tapşırıqları yerinə yetirmələri ilə bağlı hesabatlar hazırlayır və bu hesabatlar “Turnitin” antiplagiat sistemində yoxlanılır, daha sonra təqdimata buraxılır. Komissiya qarşısında çıxış edən tələbələrin təqdimatları qiymətləndirilir və bu qiymətlər tələbələrimizin ümumi istehsalat təcrübəsinin yekun nəticəsi kimi qəbul olunur”.
Z.Qurbanov bildirib ki, BANM-in tələbələrinin müxtəlif xarici ölkələrdə təcrübə keçməsi onların yüksəkixtisaslı mühəndis olmasına imkan verir. SOCAR enerji sektorunda milliləşdirmə siyasətini həyata keçirir. Əsas prioritetlərindən biri Azərbaycanın neft-qaz sektorunda və beynəlxalq layihələrində çalışacaq yüksəkixtisaslı və ingilis dilli mütəxəssislərin hazırlanmasıdır. Bu məqsədlə fəaliyyət göstərən BANM ilk məzun buraxılışını həyata keçirəcək. Builki məzunlar SOCAR-ın müəssisələrinə, müxtəlif transmilli təşkilatlara işə dəvət almaqla yanaşı, BANM-in və bir çox inkişaf etmiş ölkələrin nüfuzlu ali məktəblərinin magistratura proqramlarına qəbul olunublar.