ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində görüş keçirilmişdir
Bakı, 18 fevral (AZƏRTAC). “Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən, Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç və “Çağ Öyrətim İşlətmələri” şirkətinin bir qrup əməkdaşları Bakı Ali Neft Məktəbində (BANM) olmuşlar.
BANM-dan AZƏRTAC-a bildirmişlər ki, qonaqları salamlayan rektor E.Qasımov demişdir ki, bir ölkənin inkişafı onun savadlı kadr potensialından asılıdır. Dinamik sürətlə inkişaf edən ölkəmiz üçün müasir biliklərə yiyələnmiş yüksək ixtisaslı kadrların yetişdirilməsi olduqca vacib məsələlərdən biridir.
Dövlətimizin başçısı İlham Əliyevin son illər həyata keçirdiyi uğurlu təhsil islahatlarından danışan rektor qeyd etmişdir ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və beynəlxalq standartlara cavab verən dörd yeni ali təhsil müəssisəsinin yaradılması bu sahədə inkişafın bariz göstəricilərindəndir. Daha sonra E.Qasımov “Çağ Öyrətim İşlətmələri” şirkətinin Azərbaycanda təhsil sahəsində 20 il ərzində həyata keçirdiyi uğurlu layihələrindən söhbət açmışdır.
“Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən kollektivi təbrik edərək bildirmişdir ki, Azərbaycanda müasir standartlara cavab verən universitetlərin qurulması olduqca vacibdir. Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərindən danışan Ənvər Özərən vurğulamışdır ki, təhsil ölkənin inkişafı deməkdir. O, 20 il əvvəl Azərbaycana gəlmələrini xatırlayaraq qeyd etmişdir ki, o zaman Azərbaycan üçün hər tərəfli ağır dövr idi, lakin bütün bunlara baxmayaraq ümummilli lider Heydər Əliyev təhsil sahəsinin nə qədər önəmli olduğunu nəzərə alaraq bizim səmərəli fəaliyyətimiz üçün yüksək şərait yaratmışdır.
Görüşdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç çıxış edərək bildirmişdir ki, rəhbərlik etdiyi təhsil ocağı BANM ilə bir çox sahələrdə əməkdaşlıq etməyə hazırdır. O, qeyd etmişdir ki, bu iki ümumi maraqlar baxımından bir-birilərinin təcrübələrindən yararlanmalıdır.