ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində süni intellektə dair layihə uğurla reallaşıb
Bakı, 7 yanvar, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Gənclər Fondunun maliyyə dəstəyi ilə “Süni intellekt nədir? Gənc alimlər izah edir” layihəsi həyata keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi gənclərin elmə marağının artırılması, həmçinin tələbələrlə gənc alimlər arasında ünsiyyətin yaradılması olub.
Layihədə iştirak üçün müxtəlif universitetlərdən 150-dən çox tələbə müraciət edib. Elektron qeydiyyat zamanı layihə ilə bağlı fikirlərini ən yaxşı ifadə edən 100 nəfər iştirakçı seçilib. Layihə çərçivəsində “Süni intellekt nədir?”, “Dünyada süni intellektə mövcud elmi yanaşmalar hansılardır?” və “Smart materiallar nələrdir” mövzularında 3 təlim keçirilib. Təlimlərdə BANM, Orta Doğu Texniki Universiteti (Türkiyə), Milan Politexnik Universiteti (İtaliya), Aaxen Texniki Universiteti (Almaniya), Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və digər ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.
Layihəyə rəhbərlik edən BANM-in tələbələrlə iş şöbəsinin rəisi Həbibə Hacıyeva bildirib ki, təlimlər zamanı iştirakçılar verilən mövzularda nəzəriyyənin tətbiqi və nəticələrinə dair yanaşmalarla tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparıblar.
Təlimlərdən sonra iştirakçılar komandalara bölünərək gənc alimlər tərəfindən onlara verilən aidiyyəti mövzular ətrafında birgə qrup işlərinə başlayıblar. Komandalar verilmiş problemi və onun mümkün həll yollarını işləyib, qrup liderləri isə son nəticələri təqdim ediblər.
Təlimi uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif edilib, xüsusi fəallığı ilə seçilən 10 iştirakçıya isə fərqlənmə diplomları və mükafatlar təqdim olunub.
Layihə çərçivəsində iştirakçılar qrup şəklində işləmə, qrupun idarə olunması, informasiya mübadiləsinin aparılması və liderlik kimi bacarıqlarını inkişaf etdiriblər.