İQTİSADİYYAT
Bakı Avtovağzalı ərazisindən istifadə edənlər üçün abunə kartı təklif edilir
Bakı, 10 yanvar, Elvin Camalov, AZƏRTAC
Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin (BBAK) ərazisindən istifadə edənlər üçün abunə kartı təklif edilir.
Bu barədə Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova AZƏRTAC-a açıqlama verib.
O bildirib ki, BBAK-da avtomobillərin girişi üçün verilən vaxt limiti ləğv edilib və yeni tariflər açıqlanıb. Tariflər istifadəçilərin xeyrinə dəyişdirilib və bundan əlavə istifadəçilərə abunə kartları təklif olunur. Avtovağzala giriş-çıxış üçün verilən 20 dəqiqəlik vaxt limiti yeni qaydaların tətbiqindən sonra ləğv olunub.
P.Məmmədovanın sözlərinə görə, Avtovağzal ərazisində tıxaca düşmək istəməyən sürücülər yuxarı girişdən avtovağzala daxil olurdu və buradan keçid məntəqəsi kimi istifadə edirdi. Bu da avtovağzal ərazisində sıxlığın yaranmasına gətirib çıxarırdı. Yaranan sıxlıq sərnişinlərin avtovağzal ərazisində çətin hərəkətinə səbəb olurdu. Həmçinin taksi sürücüləri də müştəri cəlb etmək üçün buradan istifadə edirdi. Artıq yeni qaydalar bu sıxlığın azalmasına səbəb olacaq.
“Yeni qaydalara əsasən avtovağzalın ərazisindən istifadə zamanı giriş-çıxış üçün iki saata qədər 1 manat, 2 saatdan 6 saata qədər 2 manat, 6 saatdan 12 saata qədər 3 manat, 12 saatdan 24 saata qədər isə 4 manat ödəniləcək. Yaxud da 30 manatlıq abunə kartları almaqla ay ərzində bu ərazidən limitsiz istifadə edə bilərlər”, - deyə P.Məmmədova vurğulayıb.