MƏDƏNİYYƏT
Bakı Dövlət Sirki Dənizçi İstirahət Mərkəzində geniş proqramla çıxış edib
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 17-də Bakı Dövlət Sirkinin orkestr və bədii heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tabeliyində olan Dənizçi İstirahət Mərkəzində geniş proqramla çıxış edib. Sirkin yaradıcı qrupuna daxil olan şən klounlar, akrobat və gimnastlar müxtəlif janrlarda çıxış edərək dənizçilərin asudə vaxtlarını daha maraqlı və yaddaqalan edib.
Sirkin direktoru Elmir Hüseynov AZƏRTAC-a bildirib ki, Azərbaycanda ilk dəfə təşkil olunan səyyar sirk bu dəfə Xaçmaza səfər edib. Bakı Dövlət Sirki proqramlarının süjet xəttində milli elementlərin olmasına üstünlük verməyə çalışır. Bu məsələ sirk üçün prioritetdir.
Proqramda alov, lazer, köpük şoularına xüsusi yer verilib. Eyni zamanda “Sümüksüz qız”ın nümayiş etdirdiyi tryuklar ayaq üstə alqışlarla qarşılanıb. Bundan başqa proqramda illüzionistlərin də çıxışları tamaşaçıları heyrətləndirib. Həmçinin proqramda “Flaminqo”, “Qaraçı” və milli rəqslərə də yer verilib.
Proqramı Bakı Dövlət Sirkinin orkestr heyəti müşayiət edib. Tamaşaçılar Müslüm Maqomayevin “Azərbaycan” mahnısını, İ.Dunayevskinin “Sirk marşı”nı, “Malaqenya” ispan mahnısını, Santananın “Soul Sacrifice”ni, Pablo Beltran Ruisin “Svey”ini, həmçinin “Rock and Roll” musiqisini dinləyiblər. Proqramın sonunda sirk orkestrinin ifasında Azərbaycan cəngisinin cazla sintezi səsləndirilib.