ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti kadrların yenidənhazırlanma təhsili almaq üçün tələbə qəbulu elan edir
Bakı, 13 avqust, AZƏRTAC
Bakı Dövlət Universiteti 2020/2021-ci tədris ilində müəyyən ixtisaslar üzrə əlavə təhsil (kadrların yenidənhazırlanma təhsili) almaq üçün tələbə qəbulu elan edir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, həmin ixtisaslar riyaziyyat, coğrafiya, kimya, biologiya, fizika, informatika, tarix, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı müəllimliyidir.
Kadrların yenidənhazırlanma təhsili əyani təhsilalma forması üzrə müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti publik hüquqi şəxs arasında bağlanılmış fərdi müqavilələr əsasında həyata keçirilir. Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə müsabiqədə iştirak edə bilərlər.
Kadrların yenidənhazırlanma təhsili almaq istəyən şəxslər bu sənədləri - rektorun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər.
Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər. Sənədlər 2020-ci il avqust ayının 31-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əsas binada (249 nömrəli otaqda) qəbul edilir.
Qeyd edək ki, kadrların yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər yenidənhazırlanma təhsilinə qəbul edilirlər.
Maraqlananlar əlavə məlumatı (012) 539-06-86 əlaqə nömrəsi, [email protected] elektron poçt ünvanından əldə edə bilərlər.