ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində 3010 tələbə onlayn imtahanlarda iştirak edib
Bakı, 1 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, iyunun 30-da onlayn formada keçirilən imtahan sessiyasında tələbələr ümumilikdə 176 fənn üzrə imtahan veriblər. Belə ki, bakalavriat səviyyəsi üzrə təhsil alan 127 qrup üzrə 2749 (107 nəfəri SABAH qrupları olmaqla), magistratura səviyyəsində isə 71 ixtisaslaşmada 49 fənn üzrə 261 magistrant imtahan verib. BDU-nun Qazax filialında isə 350 tələbə imtahanlarda iştirak edib.
İmtahanların şəffaf və qaydalara uyğun təşkili məqsədilə bütün texniki tədbirlər müvafiq işçi qrupu tərəfindən yüksək səviyyədə həyata keçirilir. İmtahanda təqdim edilən biletlər 5 sualdan ibarət olur və sualların hər biri maksimum 10 bal ilə (ümumilikdə 50 bal) qiymətləndirilir. Tələbələrin hamısı imtahanları müvəffəqiyyətlə verib.
Qeyd edək ki, sessiya iyulun 10-da yekunlaşacaq.