İQTİSADİYYAT
Bakı Fond Birjası ipoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlayıb
Bakı, 5 iyul, AZƏRTAC
Bakı Fond Birjası (BFB) ipoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlayıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən emissiya edilmiş AZ2010008681, AZ2011008680, AZ2012008689 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı, istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub. İKZF-dan daxil olan məlumata əsasən, iyunun 30-da AZ2010008681, AZ2011008680, AZ2012008689 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, həmin tarixdən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 450 manat təşkil edir. Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 450 manat məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2010008681, AZ2011008680, AZ2012008689 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 450 manat olması nəzərə alınmalıdır.