ELM VƏ TƏHSİL
Bakı İdarəetmə və Texnologiya Kollecinin qəbul planı yerinə yetirilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) pedaqoji şuranın növbəti iclası keçirilib.
BİTKol-dan AZƏRTAC-a bildirilib ki, yeni tədris ilində kollektivin qarşısında duran məqsəd və vəzifələrdən söhbət açıb. Kollecin direktoru təhsil naziri Mikayıl Cabbarov tərəfindən 2017/2018-ci dərs ilinin “Keyfiyyət ili” elan olunduğunu xatırladıb. O, yeni dərs ilində kollektivə öz işlərinə daha da məsuliyyətlə yanaşmağı tövsiyə edib.
Sonra iclasın gündəliyi müəyyən edilib, 2017/2018-ci dərs ili üçün pedaqoji şuranın üzvləri və şura katibi seçilib, fənnbirləşmə sədrləri və metodiki şuranın tərkibi təsdiqlənib. Eyni zamanda, pedaqoji şuranın 2017/2018-ci dərs ili üçün iş planı, həmçinin kollecin struktur bölmələrinin iş planları müzakirəyə çıxarılıb və təsdiq olunub.
İclasda BİTKol-da 2017/2018-ci dərs ili üçün tələbə qəbulu haqqında məlumat verilib. Qeyd olunub ki, ümumi orta təhsil bazasından, yəni 9 illik təhsil bazasından qəbul üçün kollecə 425 yer verilib və 354 nəfər qəbul olub. 2017/2018-ci dərs ili üçün tam orta təhsil bazasından qəbul planı ümumilikdə 213 nəfərdir. Qəbul planı 205 nəfər olmaqla yerinə yetirilib.