MƏDƏNİYYƏT
Bakı Kitab Mərkəzində Lalə Məlikin “Qapılar” kitabının təqdimatı keçirilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Bakı Kitab Mərkəzində Lalə Məlikin müəllifi olduğu “Qapılar” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə uşaqlar üçün yazılmış kitab haqqında məlumat verilib.
Bütün qonaqları salamlayan mərkəzin rəhbəri Günel Anarqızı bildirib ki, uşaqlar üçün yazılan bu kitab ilk baxışdan sadə görünə bilər. Əslində burada dərin mövzulara toxunulub. Mövzular maraqlı illüstrasiyalarla müşayiət olunur. Kitabda yer alan illüstrasiyalar İrina Eldarovaya məxsusdur.
Şair Ülviyə Axundova kitabla bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, nağıl yazan müəlliflər böyük şəxsiyyətləri tərbiyə edən insanlardı. Çünki bitabı oxuyan uşaqlar böyüklərin təcrübəsini qazanmış olur. Sonra o, kitabdan bir parça oxuyub.
Xalq rəssamı Arif Hüseynov bildirib ki, bir neçə il öncə kitabın müəllifi ilə sərgilərin birində tanış olub. Qeyd edib ki, kitabda təsvir olunan illüstrasiyalar uşaqların tərbiyəsinə müsbət təsir edəcək.
Uşaqlar üçün çox az kitabların nəşr olduğunu deyən rəssam bildirib ki, bizdə uşaq qəhrəmanlarının sayı olduqca azdır. O, yeni müasir qəhrəmanların yaranmasının vacib olduğunu söyləyib. Qeyd edib ki, kitabın hər bir bölməsi ayrılıqda bir əsərdir.
Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Flora Naci bildirib ki, müəllif o qədər sözə diqqətlidir ki, onun əlindən çıxan hər bir mətn dəyərlidir. Qapılar həyatımızda simvolik bir məfhum sayılır. Müəllif bu fəlsəfi anlayışı yeni səviyyəyə qaldıraraq uşaqlara izah etməyə çalışıb.
Kitabın müəllifi Lalə Məlik bildirib ki, əsər bir neçə il öncə rus dilində yazılıb. Kitabın tamamlanma işləri İkinci Qarabağ müharibəsinin başlandığı günlərə təsadüf edib. Müəllif əsərin yaxın zamanlarda Azərbaycan dilinə tərcümə olunacağını söyləyib.
Kitabda yer alan illüstrasiyalar İrina Eldarova deyib: “Kitabın uşaq və ya böyüklər uçun yazıldığını söyləmək çətindir. Bunun üçün biz əvvəlcə gözlərimizi bağlayıb öz yaşımızı təyin etməliyik. Çünki hər birimizin daxilində bir uşaq yaşayır”.
Tədbirin sonunda İrina Eldarova çəkdiyi bir rəsm əsərini müəllifə hədiyə edib.