İDMAN


Bakı Marşallar Klubunun ulduz elçisi ictimaiyyətə təqdim olunub

Bakı, 6 may, AZƏRTAC

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşallar Klubu (BMK) Azərbaycanın əməkdar artisti Murad Dadaşovu “Formula-1” Avropa Qran-prisində marşalların ulduz elçisi elan edib.

AZƏRTAC- xəbər verir ki, mayın 6-da “Marriott Abşeron” otelində təşkil olunmuş tədbirdə BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai marşalların ulduz elçisini ictimaiyyətə təqdim edib.

Ulduz elçinin təqdim olunmasından sonra BŞH-nin əməliyyatlar şöbəsinin müdiri və eyni zamanda BMK-nın rəhbəri vəzifəsini icra edən Çingiz Mehdiyev bildirib ki, Azərbaycanda marşallıq fəaliyyətinə daha geniş maraq oyatmaq və “Formula-1” Avropa Qran-prisində iştirak edəcək marşallara dəstək göstərmək məqsədilə Murad Dadaşov Bakı Marşallar Klubunun rəsmi ulduz elçisi seçilib. O, M.Dadaşovun Bakı Marşallar Klubunun fəaliyyətinin ictimaiyyətə çatdırılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Yeniyetmə illərindən “Formula-1” yarışlarını həvəslə izlədiyini deyən Murad Dadaşov bildirib: “Marşalların ulduz elçisi olmaq şərəfli missiyadır. İndiyədək ölkəmizdə keçirilən irimiqyaslı tədbirlərdə fəxri nümayəndə kimi yaxından iştirak etmişəm. Ancaq burada olmaqdan xüsusi zövq alıram. Gənclərimiz “Formula-1”in ruhuna xas böyük coşqu və həyəcana sahibdirlər. Çalışacağam ki, onlar Avropa Qran-prisində böyük həvəslə iştirak etsinlər və sahib olduqları potensialı ən yüksək səviyyədə ortaya qoysunlar”.

Təqdimatdan sonra Murad Dadaşov trek marşalları üçün təşkil edilən təlim prosesi ilə yaxından tanış olub.

Bəhreyn Moto-İdman Federasiyasının peşəkar nümayəndələri tərəfindən keçirilən təlimlərdə 350-dən çox marşalın iştirakı nəzərdə tutulub.

Bildirilib ki, “Formula-1” yarışlarının təşkilatçılığında və keçirilməsində marşallar böyük rol oynayırlar. Onlara “Formula-1” aləmində “yarış rəsmiləri” də deyirlər. Marşalların əsas fəaliyyəti yarış zamanı pilotların təhlükəsizliyini təmin etmək və marşal komandasının inzibati təşkilatçılığında yaxından iştirak etməkdir.

Azərbaycanda artıq marşallıq ənənəsi formalaşmaqdadır. Belə ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təsis edilən Bakı Marşallar Klubu (BMK) marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirlər təşkil edir, təlimlər keçirir və eyni zamanda, beynəlxalq marşal klubları ilə də sıx əməkdaşlıqlar qurur.

Bakı Marşal Klubu bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisinə 1300 marşal cəlb edəcək. Bu marşallardan 300-ü xaricdən gətiriləcək. Qeydiyyat müddətində Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən qrup halında və eyni zamanda, fərdi qaydada 5 mindən çox şəxs marşal olmaq üçün kluba müraciət edib. Müraciətçilər müsahibə mərhələsinə cəlb olunublar. Bu mərhələni uğurla keçən namizədlər üçün hazırda marşallıq fəaliyyətinə dair müxtəlif rollar üzrə təlimlər keçirilir. Yarışın sonunda marşallar Beynəlxalq Avtomobil Federasiyasının marşallıq lisenziyası ilə təmin olunacaqlar. Bu lisenziya marşallara istənilən ölkədə “Formula-1” yarışında marşal kimi iştirak etmək imkanı verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.