MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb
Bakı, 10 dekabr, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva, akademiyanın professorları, Əməkdar incəsənət xadimləri Ceyhun və Vasif Allahverdiyevlər bəstəkarla bağlı düşüncələrini, xatirələrini bölüşüblər.
Tədbir konsert proqramı ilə davam edib. Konsert proqramı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Azərbaycan Milli Konservatoriyası və BMA-nın tələbələrinin iştirakı ilə reallaşıb.
Konsert çərçivəsində unudulmaz bəstəkarın “Məhəbbət əfsanəsi” baletindən “Gözəlliklə vida səhnəsi”, “Adajio”, “Türk qızlarının rəqsi” və “İki qəlbin dastanı”, “Fraqment” baletindən “Komdenin arzuları”, bəstəkar Ceyhun Allahverdiyevin Fortepiano sonatası I hissə və digər kompozisiyalar səsləndirilib.