İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi qanunsuz yol nişanlarının müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir
Bakı, 10 iyul, Elvin Camalov, AZƏRTAC
Paytaxt yollarında qanunsuz yol nişanlarının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, bu çərçivədə iyulun 10-da Yasamal rayonu Nazim Hikmət küçəsinə keçirilən baxış zamanı avtobus dayanacağı məntəqəsinə parklanma nişanının qoyulduğu aşkar edilib. Məlumat üçün bildiririk ki, müntəzəm marşrut avtobusları üçün nəzərdə tutulan dayanacaq məntəqəsinin yaxınlığına standartlara uyğun olmayan nişanın qoyulması qanunsuz olaraq həyata keçirilib. Belə ki, Yol Hərəkəti haqqında Qanunun müvafiq maddəsinin tələbinə əsasən Bakı şəhərinin inzibati ərazisində yollarda yol nişanlarının qurulması Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırmaqla, Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilir. Sözügedən ünvanda qanunsuz yol nişanı quraşdıran şəxslər barəsində zəruri inzibati tədbirlərin görülməsi təmin ediləcək.
M.Ağayev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 350-ci maddəsinə əsasən, müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, işıqforların və yol nişanlarının quraşdırılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.