ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində tədbir - “İslam və müasirlik”
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Bakı Slavyan Universitetində (BSU) “İslam və müasirlik” mövzusunda “dəyirmi masa” keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı və bu ali təhsil ocağında fəaliyyət göstərən əsaslı kitabxananın təşəbbüsü ilə keçirilən tədbirdə universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyini xatırladıb. Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli”nin bütün dünyada, xüsusilə İslam aləmində sülhə, dostluğa, qarşılıqlı hörmətə, birgəyaşayışa çağırış və töhfə ilidir. Hazırda İslam dünyasında yaşanan problemləri bu dinin düzgün izah edilməməsi ilə əlaqələndirən R.Novruzov İslamın yüksək əxlaq və mədəniyyət dini olduğunu diqqətə çatdırıb.
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, hüquq elmləri namizədi, dosent Sadir Məmmədov xalqımızın taleyində, dünyagörüşündə İslam mədəniyyətinin son dərəcə böyük rol oynadığını bildirib. İslamın sonuncu səmavi din olduğunu vurğulayan S.Məmmədov xalqımızın mənəvi dəyərlərinin məhz bu təməl üzərində formalaşdığını diqqətə çatdırıb. İslamın bu gün də ölkələr arasında körpü yaratdığını, inteqrasiya prosesinə təkan verdiyini deyən natiq hazırda bəzi İslam ölkələrində baş verənlərin heç birinin bu dinə aid olmadığını bildirib.
Sonra BSU-nun diplomatiya və xarici siyasət kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Əsgər Əhmədin “Müasir dövrdə İslam və dünyəvilik” mövzusunda məruzəsi dinlənilib. Alim İslam dininin əsas postulatlarının əxlaq və mədəniyyətə söykəndiyini, İslamın proqressiv bir din olduğunu vurğulayıb. Bildirib ki, İslam ilk çağlardan başlayaraq insanlar arasında qarşılıqlı hörmət və ehtiram təbliğ edib.
Tədbirdə, həmçinin “Elm yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Elşad Mahmudovun “Müasir dövrdə gənclərin ictimai-siyasi görüşlərinin formalaşmasında İslamın rolu” mövzusunda məruzəsi dinlənilib.