CƏMİYYƏT
Bakı Ürək Mərkəzində növbəti unikal əməliyyat həyata keçirilib
Bakı, 19 mart, AZƏRTAC
Bakı Ürək Mərkəzində ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudovun rəhbərliyi altında invaziv kardioloqlarla birgə növbəti hibrid əməliyyat aparılıb. Əməliyyat 62 yaşlı, mitral qapaq çatışmazlığı və qeyri-stabil stenokardiyadan əziyyət çəkən pasiyent üzərində icra edilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, əməliyyatın unikallığı eyni gündə, eyni əməliyyat otağında (bu, yalnız hibrid əməliyyatxanada mümkündür) mitral qapağın kiçik məməaltı kəsiklə (minimal invaziv torakotomiya) bioloji klapanla protezləşdirilməsi və ardınca ürəyin əsas tac damarına qapalı üsulla stentin yerləşdirilməsindən ibarət olub.
Hibrid əməliyyatın üstünlüyü xəstənin 2 ürək patologiyasının (klapan və damar) sinə sümüyü açılmadan və eyni gündə icra edilməsidir. Pasiyent məmnuniyyətini əsas tutan bu üsul Respublika Müalicəvi Diaqnostika Mərkəzinin prioritet istiqamətlərindən biridir. Əməliyyat olunan həmin xəstə də erkən, tam sağlam evə yazılıb.