QAN YADDAŞI
Bakı Xoreoqrafiya Akademiyasında Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub
Bakı, 27 fevral, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, anım tədbiri Azərbaycanın dövlət himninin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Xocalı faciəsi haqqında danışan BXA-nın rektoru, professor Timuçin Əfəndiyev erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, girov götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. ”Xocalı soyqırımı Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə vurulmuş ən ağır zərbədir”, - deyə rektor qeyd edib.
Sonra akademiyanın tam orta məktəbinin şagirdləri, orta ixtisas (kollec) pilləsinin, eləcə də bakalavr və magistr pilləsinin tələbələri Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyiblər, “Ağla Şuşam, ağla”, ”Qərənfil” milli rəqslərini, “İki qəlbin dastanı” baletindən parçalar ifa ediblər.
Daha sonra Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbirin sonunda isə BXA tələbələrinin Xocalı soyqırımını əks etdirən rəsm əsərlərinin sərgisi keçirilib.