ELM VƏ TƏHSİL
Bakı Yunus Əmrə İnstitutunun direktoru Bilik Fondunda təcrübə keçən tələbələrə mühazirə oxuyub
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda təcrübə keçən tələbələrin Bakı Yunus Əmrə İnstitutunda görüşü təşkil olunub.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu qurumun beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənovun rəhbərliyi ilə Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin tələbələri iştirak ediblər.
Əvvəlcə qonaqlar institutun iş şəraiti və fəaliyyət istiqamətləri ilə tanış olublar.
Görüşdə Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir “Milli kimlik və varislik” mövzusunda mühazirə oxuyub.
C.Özdemir milli özünüdərkin formalaşmasında mədəniyyətin rolundan danışıb, ənənələrə sadiqliyin üstünlüklərindən söz açıb. Bildirilib ki, insanların rahatlıq tapdığı cəmiyyətin qurulması milliləşməyə sadiq qalmaqdan keçir. Fərdin sağlam inkişafı üçün sosial ailə olan millətin varlığına sevgi ilə yanaşmaq vacibdir.
Sonra tələbələrin sualları cavablandırılıb.
Bilik Fondunda təcrübə keçən tələbələr təhsil aldıqları ixtisasa uyğun tapşırıqları yerinə yetirməklə yanaşı, mütəmadi görüşlərə cəlb olunur, tədbirlərdə iştirak edirlər.