SİYASƏT
Bakı şəhərinin erməni-bolşevik quldur dəstələrinin əsarətindən azad olunması Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir
Tbilisi, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Tbilisidə ictimai-siyasi xadim, ədib Nəriman Nərimanovun Xatirə Muzeyində Bakının yadelli qüvvələrdən azad edilməsinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva Azərbaycan xalqının azadlıq və müstəqilik uğurunda mübarizə tarixindən, Azərbaycan-gürcü xalqlarının tarixən mövcud olan dostluq münasibətlərindən danışıb.
Sonra tarixçi alim Əvəzxan İsayev 1918-ci ilin əvvəllərində Cənubi Qafqazda, xüsusən də Azərbaycanda baş verən proseslərdən danışıb. 1918-ci il sentyabrın 15-də Bakı şəhərinin Qafqaz İslam Ordusunun köməyi ilə erməni-bolşevik quldur dəstələrinin əsarətindən azad olunmasının Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu bildirib. Bakının azad olunmasını Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisə adlandırıb.
AZƏRTAC-ın Gürcüstandakı xüsusi müxbiri Xətayi Əzizov çıxışında bildirib ki, Bakının erməni-bolşevik quldur dəstələrindən azad edilməsi əhəmiyyətinə görə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən sonra ikinci böyük tarixi hadisədir.
Qeyd edib ki, Azərbaycan və türk silah qardaşlığının sayəsində Azərbaycan təbii, tarixi paytaxtına, milli, mənəvi və mədəniyyət mərkəzinə qovuşub. Böyük tarixi-siyasi və mənəvi-psixoloji əhəmiyyəti olan bu hadisə, həm də, azərbaycanlıların milli ruhunu yüksəldib.
N.Nərimanovun Xatirə Muzeyinin direktoru Kamilə Hüseynova muzeyin fəaliyyətindən, gələcək planlarından, burada toplanan sənədlərin əhəmiyyətindən danışıb.
K.Hüseynova bu günlərdə muzeyə 19 yeni sənəd və 35 fotoşəkilin təqdim olunduğunu qeyd edib.
Sonra Leyla Əliyeva Gürcüstandakı muzeylər barədə məlumat verib. Həmçinin Gürcüstanın dövlət muzeylərinin fondlarında saxlanılan Azərbaycana aid maddi və qeyri-maddi mədəni irs nümunələrinin toplanacağını bildirib.
O deyib ki, toplanacaq nümunələrin kataloq halında nəşri nəzərdə tutulub. Rəhbərlik etdiyi muzeyin fəaliyyət istiqamətləri barədə məlumat verən L.Əliyeva deyib: “Muzeydə Gürcüstanda yaşayan azərbaycanlılara məxsus maddi və mədəni irsin, xalq folklor nümunələrinin araşdırılması ilə bağlı işlər həyata keçiriləcək. Eyni zamanda, muzey tərəfindən bir sıra ədiblərin, o cümlədən N.Nərimanovun əsərləri gürcü dilinə tərcümə olunacaq”.
Sonra Azərbaycan-Gürcüstan dostluğunun təbliğində, xalqlarımız arasındakı dostluq münasibətlərinin möhkəmlənməsindəki xidmətlərinə görə, bir neçə jurnalistə “Təşəkkürnamə”lər verilib.
Mükafat alan jurnalistlər sırasında AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri də var.