MƏDƏNİYYƏT


“Bakı və Abşerona virtual səyahət” layihəsi çərçivəsində Balaxanı kəndinə virtual tur

Bakı, 13 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası bu dəfə izləyiciləri “Bakı və Abşerona virtual səyahət” layihəsi çərçivəsində Bakının qədim kəndlərindən olan Balaxanıya virtual tura dəvət edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, səyahət kitabxananın “Instagram” və “Facebook” səhifələrində yayımlanıb.

Balaxanı Bakının ən qədim kəndlərindən sayılır. Kənd Bakının şimal-şərqində, Abşeron yarımadasının mərkəzi hissəsində yerləşir, Sabunçu və Zabrat qəsəbələri, Ramana, Digah və Məmmədli kəndləri ilə qonşudur. Şimal səmtindəki yüksəklikdə kəndi iki – "Yuxarı" və "Aşağı" – məhəlləyə bölən qədim qəbiristanlıq var. Balaxanının şimal hissəsi "Rzaqulu kəndi", cənub hissəsi əhali tərəfindən "Canhüseyn məhəlləsi" adlanır.

Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir.

1989-cu ildən başlayaraq qəsəbənin qərb hissəsində “Yeni Balaxanı” adlanan yaşayış massivi formalaşmağa başlayıb. Yeni Balaxanı massivi (Fazenda) Qədim Balaxanıdan fərqli olaraq, eni 10-15 metr olan paralel küçələr şəklində salınıb.

Kəndin adının mənası Qılman İlkinin “Bakı və bakılılar” kitabında qeyd olunub: "bala" – yuxarı, hündür, "xana" – ev deməkdir. Balaxana qədim zamanlarda karvansaraların giriş qapısı üstündə olan kiçik otağa (mezonin, yaxud antrisol) deyərdilər. Bunlar yarım mərtəbə şəklində olardı. Hazırda belə otaqlar Bakının 40 kilometrliyində, 1439-1440-cı illərdə tikilmiş Səngəçal karvansarayının və Suraxanıdakı 1713-cü ildə inşa edilmiş Atəşgahın qapısı üstündə var.

Tədqiqatçılar qeyd edirlər ki, Balaxanıda lap qədim zamanlardan mədrəsələr fəaliyyət göstərib. Ədəbiyyat tarixindən məlumdur ki, Mirzə Ələkbər Sabir 1910-cu ildə Balaxanı məktəblərində çalışıb. Bir çox məşhur şeirlərini də o, məhz Balaxanıda yazıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.