ELM VƏ TƏHSİL
Bakı və Moskva məktəbləri arasında növbəti telekörpü təşkil edilib
Moskva, 5 oktyabr, AZƏRTAC
Bu günlərdə Moskva vilayətinin Mıtişşi şəhərindəki 31 saylı məktəblə Bakı şəhərindəki 23 saylı məktəb arasında telekörpü təşkil edilib.
31 saylı məktəbin rus dili və ədəbiyyatı müəllimi Elmira İsmayılova AZƏRTAC-a müsahibəsində bildirib ki, uşaqlar bir-biri ilə tanış olub, Bakı məktəbində hansı fənlərin öyrənilməsi ilə maraqlanıb, milli mətbəx nümunələri barədə söhbət ediblər. Şagirdlər öz yaşıdlarının necə yaşaması, necə oxuması, asudə vaxtlarını necə keçirmələri barədə videoçarxlara tamaşa ediblər.
E.İsmayılova deyib: “Suallar çox idi. Telekörpü ab-havası o qədər xoşagələn və səmimi idi ki, uşaqlar bir-birinin şəhərinə qonaq getmək, daha yaxından tanış olmaq istədilər. Telekörpü beləcə pozitiv notlarda başa çatdı. Lakin başa çatan yalnız telekörpüdür, qarşıda çox maraqlı layihələr, müsabiqələr, müxtəlif tədbirlər nəzərdə tutulur”.
Qeyd edək ki, bu il may ayında Bakı şəhərində Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” Fondunun təşkilati dəstəyi ilə məktəblilərin “Azərbaycan: müasirliklə gələcəyin qovuşuğunda” mövzusunda üçüncü beynəlxalq konfransı keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş bu konfransda Azərbaycanın 26 regionundan 80 şagird və xarici ölkələrdən gəlmiş 20-dən çox məktəbli iştirak edib.
E.İsmayılova deyib: “Konfrans iştirakçıları arasında Mıtişşi şəhərindəki 31 saylı orta məktəbin şagirdləri Kristina Artişşeva və Arina Ovçarenko da vardı. Qızlar Azərbaycandan və digər ölkələrdən olan yaşıdları ilə tanış olub, Bakı şəhərindəki 23 saylı məktəbə gedib, orada dərslərdə iştirak edib, Azərbaycanın bir sıra şəhərlərinə baş çəkiblər. Azərbaycanda keçirdikləri bir həftə onlara unudulmaz təəssürat bağışlayıb. Məhz həmin vaxt məktəblər arasında beynəlxalq əməkdaşlıq ideyası yaranıb, müvafiq layihə hər iki məktəbin müdiriyyəti tərəfindən dəstəklənib”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva