CƏMİYYƏT
Bakı və regionlarda yeni media kampaniyasına start verilir
Bakı, 11 sentyabr, AZƏRTAC
“Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində media kampaniyasına start verilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, BMT-nin İnkişaf Proqramının və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi layihənin icrasına 2019-cu ildə başlanılıb. İki il davam edəcək layihə Bakı, Salyan və Masallı rayonlarını əhatə edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində “Education HUB” şirkəti tərəfindən həyata keçiriləcək media kampaniyası əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranlarının cəmiyyətə inteqrasiyası üçün əlverişli mühitin inkişafı və inklüzivliyin təşviqi məqsədini daşıyır.
Media kampaniyası çərçivəsində Bakı, Salyan və Masallıda yaşayan 50 nəfər əlilliyi olan qadın, Qarabağ müharibəsi veteranı və media nümayəndələrindən ibarət birgə qrupların formalaşdırılması və onlara onlayn səmt təlimlərinin keçirilməsi nəzərdə tutulur. Təlimlərdə iştirak edən qruplar tərəfindən əlilliyi olan şəxslər üçün əlverişli mühitin yaradılması və inklüzivliyin təşviqi məqsədilə sosial videoçarxlar və KİV üçün məqalələr hazırlanacaq. Həmin materialların hazırlanması prosesində təlimlərə cəlb edilmiş peşəkar mentorlar tərəfindən hər bir qrupa müvafiq istiqamətləndirmə və dəstək təqdim olunacaq. Ərsəyə gələn sosial videoçarxlar və məqalələrin içərisindən ən yaxşı nümunələrin seçilərək qaliblərin ictimai təqdimat zamanı mükafatlandırılması nəzərdə tutulur.
Kampaniyada iştirak etmək üçün Bakı, Salyan və Masallıda yaşayan, 18 yaşdan yuxarı əlil qadınlar, Qarabağ müharibəsi veteranları və media nümayəndələri aşağıdakı keçidlərdə olan ərizə formalarını dolduraraq qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər: Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları üçün ərizə - https://forms.gle/ooVJHS5jnZEgiTLX8. KİV nümayəndələri / bloqqerlər üçün ərizə - https://forms.gle/QEwRBCDCxuxzbFVP8.
Ərizələrin qəbulu sentyabrın 22-də başa çatacaq.
Qeyd edək ki, media nümayəndələri əlavə məlumat üçün “Education HUB”ın elektron ünvanı ([email protected]) və ya +994 55 275-77-57 telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər.