CƏMİYYƏT


Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin iclası keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Bakıda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə vitse-prezidenti olduğu Asiya Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin 23-cü iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ombudsman təsisatı bu iclasa üçüncü dəfə ev sahibliyi edir. İclasda Assosiasiyanın Türkiyə, Yaponiya, İndoneziya, Honkonq, Pakistan və İranın ombudsman və insan hüquqları qurumlarının rəhbərləri iştirak ediblər.

İclasda iştirakına görə məmnunluğunu bildirən Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Pakistanın federal ombudsmanı Ejaz Əhməd Qureşi qeyd edib ki, İdarə Heyətinin üzvləri bu institutun regionda əhatə dairəsinin genişləndirilməsi üçün çalışır. O, İdarə Heyətinin üzvlərinə Assosiasiyanın inkişafına töhfə verdiklərinə görə minnətdarlığını ifadə edib.

Azərbaycanın ombudsmanı Səbinə Əliyeva iclas iştirakçılarını salamlayaraq onlara işlərində uğurlar arzulayıb. O, Müstəqilliyin Bərpası Günündə bu iclasın Bakıda keçirilməsinə görə məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycan Şərq və Qərb dünyaları arasında körpü rolunu oynayır. Bu rol regionların inkişafında mühüm yer tutur. Ombudsman iclas iştirakçılarına dəvəti qəbul edərək iştiraklarına görə təşəkkür edib.

Asiya Ombudsmanlar Assosiasiyasının icra katibi Əbdül Moiz Bokari iclasın builki gündəliyinin çox zəngin olduğunu bildirib. Diqqətə çatdırıb ki, postpandemiya dövründə Assosiasiyanın İdarə Heyətinin formal görüşü keçirilməyib. O, gündəlikdə duran məsələlər barədə danışıb, 23-cü iclasın Bakıda keçirilməsinə, həmçinin İdarə Heyətinin üzvlərinə bu iclasda iştirak etdiklərinə görə minnətdarlığını bildirib.

Sonra Asiya Ombudsmanlar Assosiasiyasının fəaliyyəti barədə videoçarx nümayiş etdirilib.

İclasda iştirak edənlər təşkilata üzv olan ölkələrin ombudsmanları arasında insan hüquqlarının müdafiəsi ilə bağlı əməkdaşlığın gücləndirilməsi üzrə fikir mübadiləsi aparıblar. Həmçinin təşkilata üzv olan ombudsman təsisatları arasında təcrübə mübadiləsinə dair müzakirələr keçirilib.

Diqqətə çatdırılıb ki, növbəti ildə iclasların sıx şəkildə təşkil olunması təşkilat üzvləri arasında əməkdaşlığın güclənməsinə kömək edəcək. Eyni zamanda, təcrübə proqramlarının onlayn keçirilməsi Assosiasiyanın bütün üzvlərinin iştirakının asanlaşması üçün şərait yarada bilər.

Sonda birgə foto çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.