SİYASƏT
Bakıda BMT75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir keçirilib
Bakı, 28 fevral, AZƏRTAC
BMT-nin Bakıdakı nümayəndəliyi ADA Universiteti ilə birgə dünyanın gələcəyinə dair ən böyük qlobal müzakirə olan BMT75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 80-ə yaxın dövlət rəsmisi, diplomat, vətəndaş cəmiyyəti və gənclər təşkilatlarının nümayəndəsi, eləcə də akademik dairələr və kütləvi informasiya vasitələrinin təmsilçisi iştirak ediblər.
BMT75 dialoqları “Bir dəqiqəlik sorğu” ilə birlikdə milli və beynəlxalq siyasət və müzakirələrə töhfə vermək üçün səhih məlumatlar əldə etməyə imkan yaradacaq. Formalaşmış fikir və ideyalar dünya liderləri və BMT-nin yüksək rütbəli rəsmilərinə bu ilin sentyabrın 21-də BMT-nin 75 illik yubileyi münasibətilə keçiriləcək yüksək səviyyəli tədbir zamanı təqdim ediləcək.
"BMT75, sadəcə, yubiley münasibətilə keçirilən bir bayram tədbiri olmayacaq. Bu, BMT-nin qorxu və münaqişələrdən azad dünya vədinin daha yaxşı həyata keçirməsini təmin etmək üçün sizinlə birgə işləmək, habelə müxtəlif strategiya və təkliflərinizi dinləmək ili olacaq”, - deyə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.
ADA Universitetinin Azərbaycanda BMT75 dialoqlarının başlamasına ev sahibliyi etməkdən məmnunluq duyduğunu bildirən ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə bu dialoqların milli perspektivlərimizi beynəlxalq auditoriya ilə bölüşmək, eləcə də beynəlxalq əməkdaşlıq və çoxtərəflilik prinsipinin gələcəyini müzakirə etmək üçün bir fürsət olacağına inamını ifadə edib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev BMT-nin qlobal müharibələrin qarşısı almaq məqsədi daşıdığını bildirərək deyib: “Hər kəs çalışmalıdır ki, bəşəriyyət yeni bir qlobal müharibə ilə üzləşməsin. BMT dünyada sabitliyin güclənməsi istiqamətində fəaliyyət istiqamətlərini genişləndirir. Ölkələrin bu cür xoşməramlı tədbirlərə dəstək verməlidirlər”.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva qeyd edib ki, BMT 75 il ərzində universal təşkilat kimi fəaliyyət göstərib. Dünyada sülhün qorunması sahəsində tədbirlər görür. Buna baxmayaraq, bu gün dünyanın təhlükəsizlik məsələsi mürəkkəb hal alır. O qeyd edib ki, Azərbaycan BMT-nin üzvü olaraq sülhməramlı tədbirlərdə fəal iştirak edir. Azərbaycan yoxsulluğun aradan qaldırılması və regionda sülhün bərpa olunması kimi missiyaların reallaşdırılması istiqamətində mühüm tədbirlər görür.
Panel müzakirələri zamanı BMT75 təşəbbüsünün il ərzində müzakirə edəcəyi üç əsas sual ətrafında fikir mübadiləsi aparılıb. Bunlar “Hansı gələcəyi qurmaq istəyirik?”, “Biz düzgün yoldayıqmı?” və "Boşluğu aradan qaldırmaq üçün hansı addımları atmalıyıq?” suallarıdır. Görüşdə, həmçinin gələcək nəsillər üçün daha yaxşı dünyanın qurulmasında hökumətlər, biznes və vətəndaş cəmiyyəti təşkilatlarının rolu və vəzifələri müzakirə edilib.