MƏDƏNİYYƏT
Bakıda “Ciao Italia” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Bakıda İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi və tanınmış fotoqraf Orxan Aslanovun təşkilatçılığı ilə “Ciao Italia” fotomüsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massaridi iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, azərbaycanlıların İtaliya mədəniyyətinə böyük maraq göstərdiyini vurğulayıb.
Səfir bildirib ki, “Ciao Italia” fotomüsabiqəsinin əsas məqsədi azərbaycanlı turistləri İtaliyaya daha çox cəlb etmək, onların ölkənin tarixi və mədəniyyəti ilə yaxından tanış olmalarına şərait yaratmaqdır. Eyni zamanda, azərbaycanlı turistlərin İtaliyanın müxtəlif şəhərlərində çəkdikləri şəkillər arasından ən yaxşılarını seçərək qalibləri mükafatlandırmaqdır. “Bu şəkillər arasından mən və tanınmış fotoqraf Orxan Aslanov ən yaxşı fotoları birgə seçdik. Müsabiqəyə təqdim olunmuş 100 fotoşəkildən yalnız dördünün müəllifi mükafatlandırılacaq. Sərgidə isə cəmi 36 fotoşəkil yer alıb. Biz İtaliyanın hərtərəfli tanınması və azərbaycanlılar tərəfindən sevilməsi üçün çalışırıq”, - deyə A.Massaridi bildirib.
Fotoqraf Orxan Aslanov müsabiqənin maraqla qarşılandığını qeyd edib. Bildirib ki, fotomüsabiqəyə bu il iyunun 1-də - İtaliyanın Respublika Günündə start verilib. Üç ay ərzində İtaliyada olmuş azərbaycanlılar müxtəlif fotoları müsabiqəyə təqdim ediblər.
İtaliyaya daim yüksək marağın olduğunu vurğulayan Orxan Aslanovun sözlərinə görə, bu cür tədbirlərin tez-tez keçirilməsi çox yaxşı olardı. Müsabiqədə sadə insanların çəkdiyi şəkillərə üstünlük verilib.
Sonra İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massaridi və Orxan Aslanov qaliblərə mükafatları təqdim ediblər. Birinci yerin sahibi Nərgiz Bəhruziyə İtaliyaya beşgünlük səfər putyovkası, ikinci yerin sahibi Mirhəmid Seyidova italyan brendinə aid geyim dəsti, üçüncü yerin sahibi İlqar Qrasiaya altı aylıq italyan dili kursu üçün sənəd və dördüncü yerin sahibi Maya Qarasenkoya İtaliya brendindən hədiyyə təqdim edilib.