ELM VƏ TƏHSİL
Bakıda GMO üzrə biotəhlükəsizlik sisteminin yaradılması ilə bağlı müzakirələr aparılır
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) oktyabrın 16-da “Genetik Modifikasiya olunmuş Orqanizmlərin identifikasiyası, təyini və laboratoriyaların İSO standartına (17025) uyğun akkreditasiyası” üzrə regional kursa başlanılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kursda Azərbaycan, Qazaxıstan, Tacikistan və Qırğızıstanın Səhiyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, akademiyaları və universitetlərinin alim və mütəxəssisləri iştirak edirlər.
Beş gün davam edəcək kursda Genetik Modifikasiya olunmuş Orqanizmlər (GMO) üzrə Avropa ölkələrində yaradılmış biotəhlükəsizlik sistemləri, qanunvericilik və GMO-ların molekulyar səviyyədə dəqiq və sürətli təyini üzrə məruzələr dinləniləcək, o cümlədən GMO-nun adi və “RealTime PCR” vasitəsilə təyini üzrə təcrübələr aparılacaq. Dərsləri GEİ-nin biotexnologiya şöbəsinin müvafiq laboratoriyalarında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının eksperti Tzveta Georgieva, institutun molekulyar genetika sahəsi üzrə ixtisaslaşmış mütəxəssisləri, biotexnologiya və bitki fiziologiyası şöbələrinin gənc tədqiqatçıları keçəcəklər.
Bundan əlavə, Azərbaycan, Qazaxıstan, Tacikistan və Qırğızıstanda biotəhlükəsizlik üzrə qanunvericiliyin təkmilləşdirilməsi, genetik modifikasiyaya uğradılmış orqanizmlər üzrə biotəhlükəsizlik sisteminin yaradılması haqqında müzakirələr aparılacaq. Həmçinin GMO-nun təyini üzrə Avropanın ixtisaslaşmış referens laboratoriyaları ilə əməkdaşlıq və Azərbaycanda fəaliyyət göstərən müvafiq laboratoriyaların yerli və beynəlxalq akkreditasiyadan keçirilməsi məsələlərindən bəhs olunacaq.