MƏDƏNİYYƏT
Bakıda Gənclər Gününə həsr olunmuş "Gəncliyə töhfə" musiqi festivalı təşkil ediləcək
Bakı, 24 yanvar, AZƏRTAC
Gənc nəslin mənəvi-bədii zövqünün formalaşması, onların dünyagörüşünün genişlənməsini təmin etmək məqsədilə fevralın 1-dən 3-dək Mədəniyyət Nazirliyi, Dövlət Akademik Filarmoniyası və Azərbaycan Bəstəkarlar İttifaqının birgə layihəsi əsasında "Gəncliyə töhfə" musiqi festivalı keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Gənclər Gününə həsr olunacaq festivalın məqsədi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin yetişdirdiyi istedadlı, təhsillərini xarici ölkələrdə davam etdirən, mütəmadi olaraq beynəlxalq müsabiqə və festivallarda Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edən gənc bəstəkarların simfonik, kamera və xalq çalğı alətləri orkestrləri üçün yazılmış əsərlərinin ictimaiyyətə tanıdılmasıdır.
"Gəncliyə töhfə" musiqi festivalı çərçivəsində fevralın 1-də Vyana Konservatoriyasının məzunu, Azərbaycan Dövlət Akademik Filarmoniyasının dirijoru Mustafa Mehmandarovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, fevralın 2-də Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və fevralın 3-də Kamera və Orqan Musiqisi Zalında gənc istedadların iştirakı ilə konsertlərin keçirilməsi nəzərdə tutulub. Konsertlərdə Lalə Cəfərova, Tahir İbişov, Arzu Abbasova, Tamilla Əhmədova, İlahə İsrafilova, Ülkər Məmmədli, Vəfa Bağırzadə, Tural Məmmədli, Sevinc Balabəyova, Nərminə Nağıyeva, İlhamə Həsənova, və Toğrul Salmanov kimi istedadlı bəstəkarların əsərləri səslənəcək.