CƏMİYYƏT
Bakıda “Hindistan – tibbi xidmət üçün seçilmiş məkan” mövzusunda seminar keçirilib
Bakı, 29 mart, Əziz Məmmədov, AZƏRTAC
Bu gün Bakıda “Hindistan - tibbi xidmət üçün seçilmiş məkan” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna tədbirdə çıxış edərək, ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Səfir diqqətə çatdırıb ki, Hindistan artıq 27 ildir Azərbaycanla diplomatik münasibətlər qurub. Qeyd olunub ki, Azərbaycanın neft və təbii qazının Hindistan üçün enerji tələbatının təminatı baxımından böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, hər iki ölkə digər sahələrdə də, xüsusən, əczaçılıq və tibb turizmi üzrə əlaqələr qurub.
Bavitlunq Vanlalvavna, həmçinin qeyd edib ki, Hindistan dünyada tibb turizminin əsas istiqamətlərindən birinə çevrilib. Hər il ölkəyə xaricdən yarım milyon pasiyent gəlir. Onları bu ölkəyə həkimlərin yüksək peşəkarlığı və prosedurların əlverişli qiymətləri cəlb edir.
Azərbaycanın Səhiyyə Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Samir Abdullayev bildirib ki, Hindistan qədim və zəngin tarixə malik ölkədir. Burada Qərb və Şərqin fəlsəfəsi birləşir. Son illər Hindistanın tibb turizminin dünya mərkəzlərindən birinə çevrildiyi qeyd olunub. Hindistanın aparıcı özəl klinikalarının səviyyəsi yüksək Qərb standartlarına yaxınlaşır, qiymətlər isə dəfələrlə fərqlidir. S.Abdullayev, həmçinin xatırladıb ki, 2004-cü ildən Bakıda yüksəkixtisaslı həkimlərin çalışdığı Hindistan klinikası fəaliyyət göstərir.
Tədbirdə tibb sahəsində hindistanlı ekspertlər - Ariba Adib “Hindistanda ümumi tibbi yardım” və Maina Fillips “Sağlamlıq, Ayurveda və Hindistanda turizm” mövzularında məruzələrlə çıxış ediblər.
Sonra “Heyrətamiz Hindistan” adlı qısametrajlı film nümayiş etdirilib.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.