İQTİSADİYYAT
Bakıda “İstehlakçı hüquqlarının müdafiəsi və maliyyə savadlılığı komponentinin icrasına başlanması” üzrə seminar keçirilir
Bakı, 28 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Dünya Bankının birgə təşkilatçılığı ilə Bakıda Maliyyə sektorunun modernləşdirilməsi layihəsinin “İstehlakçı hüquqlarının müdafiəsi və maliyyə savadlılığı komponentinin icrasına başlanması” üzrə seminar işə başlamışdır.
AZƏRTAC xəbər verir ki, seminarda Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər, aparılan islahatlar barədə məlumat verilmişdir. Vurğulanmışdır ki, ölkədə insanlara təqdim olunan maliyyə xidmətlərinin keyfiyyəti, istehlakçıların hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir. AMB Dünya Bankı ilə birgə çox uğurlu layihələr reallaşdırır. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən “Maliyyə sektorunun modernləşdirilməsi” layihəsi də belə tədbirlərdən biridir.
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda Azərbaycan üzrə meneceri Larisa Leşçenko Azərbaycanda istehlakçıların hüquqlarının qorunmasının diqqət mərkəzində olmasını yüksək qiymətləndirmişdir. O bildirmişdir ki, maliyyə savadlılığı vacib komponentlərdən biridir. Azərbaycan bu məsələlər baxımından böyük nailiyyətlər əldə edə bilər. Ölkədə maliyyə xidmətlərinin çeşidi genişləndikcə istehlakçı hüquqlarının müdafiəsi məsələlərinə daha çox diqqət göstərmək lazımdır. İnsanlar banklara və digər maliyyə təsisatlarına müraciət etdikdə müvafiq məlumatlarla təmin olunmalıdır.
Tədbirdə vurğulanmışdır ki, Dünya Bankı 7 ildən çoxdur ki, bu istiqamətdə tədbirlər reallaşdırır. Bu proses Azərbaycanda 2008-ci ildən başlamışdır. İsveçrə Hökumətinin qrantı hesabına maliyyələşdirilən maliyyə sektorunun modernləşdirilməsi layihəsinin dəyəri isə 1,3 milyon ABŞ dollarıdır.
Seminarda “AMB-in istehlakçı hüquqlarının müdafiəsi üzrə tədbirlər planı”, “Azərbaycanda sığorta sektorunda istehlakçı hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi”, “AMB-in maliyyə savadlılığı üzrə tədbirlər planı”, “Azərbaycanın kapital bazarında ictimaiyyətin məlumatlılığının artırılması və digər mövzularda məruzələr dinlənmişdir. Eyni zamanda, maliyyə savadlılığı sahəsində islahatlar, maliyyə təhsili sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
İki gün davam edəcək seminarda istehlakçıların hüquqlarının müdafiəsi və maliyyə savadlılığının artırılmasına dair AMB və digər dövlət təşkilatlarının nümayəndələri, o cümlədən Dünya Bankının ekspertləri tərəfindən təqdimatlar keçiriləcəkdir.