ELM VƏ TƏHSİL
Bakıda “Saf rənglər” beşinci beynəlxalq rəsm yaradıcılığı festivalının açılışı olub
Bakı, 12 iyun, P.İmanova, AZƏRTAC
İyunun 12-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-Sərgi Kompleksində uşaq və yeniyetmələrin “Saf rənglər” beşinci beynəlxalq rəsm yaradıcılığı festivalının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, festival Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və ADRA-nın birgə təşəbbüsü ilə təşkil olunub.
Açılış mərasimində müxtəlif nazirlik və təşkilatların, səfirliklərin, mədəniyyət və yaradıcılıq mərkəzlərinin nümayəndələri iştirak ediblər.
ADRA-nın rektoru, akademik Ömər Eldarov beynəlxalq festival barədə məlumat verib. Bildirilib ki, ənənəvi olaraq 2013-cü ildən keçirilən “Saf rənglər” festivalı Azərbaycanın ictimai həyatında, uşaq və yeniyetmələrin dünya mədəni əməkdaşlıq sisteminə inteqrasiyasında mühüm hadisədir. Festivalın beynəlxalq miqyasda tanınması son dörd ildə nəzərə çarpacaq dərəcədə artıb, coğrafiyası genişlənib. Festivalın üç yaşdan 16 yaşadək olan iştirakçıları təsviri sənətin bütün növ və janrlarında rəngkarlıq, qrafika, kiçik heykəltəraşlıq, dekorativ-tətbiqi sənət, həmçinin multimedia, installyasiya və animasiya kimi müasir incəsənət növlərində işlərini nümayiş etdirirlər.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov iştirakçıları təbrik edib, festivalın keçirilməsini uşaqların yaradıcılıq istedadlarının üzə çıxarılmaslında təqdirəlayiq hal kimi dəyərləndirib. O.Səmədov deyib :“Festivalın açılışı uşaqların həyatında əlamətdar hadisədir. Beynəlxalq tədbirin “Saf rənglər” adlandırılması çox böyük məna daşıyır. Çünki uşaqlar arzu və istəklərini saf rənglərlə məharətlə ifadə edir, dünyaya çatdırırlar. Yalnız niyyəti, qəlbi, amalı təmiz uşaqlar və gənclər saf rənglərlə işləyə bilər, dünyanın saflığını ifadə edə bilərlər”.
O.Səmədov Bilik Fondunun festivalın keçirilməsinə hər zaman dəstək olduğunu bildirib, iştirakçılara yaradıcılıq uğurları arzulayıb.
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi ölkələrimiz arasında mədəni əlaqələrdən, dostluq münasibətlərindən söz açıb. Azərbaycanda hər zaman uşaq və gənclərin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək dəyərləndirib.
Sonra festivalın rəmzi bayrağı səhnəyə gətirilib.
Tədbirdə məlumat verilib ki, festivalın təşkilat komitəsi müsabiqə proqramına “Azərbaycan mənim gözlərimlə”, “İdman”, “Ətraf mühit”, “Təhlükəsiz dünya” nominasiyalarını daxil edərək daim tematik və professional proqram genişləndirilməsi üzərində çalışır. Bu ilin sentyabrında münsiflər heyəti tərəfindən seçilən işlərdən ibarət vernisajın bağlanış mərasimi, müsabiqədə üç yaş qrupu üzrə yeddi nominasiyada qaliblərin mükafatlandırılması, uşaq bayramı və ustad dərsləri keçiriləcək. Festivalda Azərbaycanın müxtəlif dərnək və yaradıcılıq mərkəzləri, rəsm qalereyaları, incəsənət müəssisələri təmsil olunur, həmçinin beynəlxalq tədbirdə qırxdan çox ölkədən uşaq və yemiyetmələrin əl işləri nümayiş etdirilir.
Tədbirin ictimai və beynəlxalq səviyyəsini artırmaq məqsədilə təşkilat komitəsi 2016-cı ildən festivalın xarici iştirakçıları üçün xüsusi statuslu “qonaq” dərəcəsini tətbiq edib. Bu statusa uyğun olaraq ölkə iştirakçısı festivala öz ölkəsinin rəmzini “sülh” mesajı kimi çatdıra bilər. Həmçinin bu ölkə festivalın rəsm işlərinin nümayişi estafetini qəbul edir.