MƏDƏNİYYƏT


Bakıda Türkiyənin gənclik və idman bayramı qeyd edilib

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da Heydər Əliyev Sarayında gənclik və idman bayramı münasibətilə konsert proqramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral gənclik və idman bayramının tarixi əhəmiyyətindən danışıb.

Səfir bildirib ki, 100 il əvvəl Mustafa Kamal Atatürk Samsunda milli mübarizəyə başlayıb: “Atatürk bu mübarizənin nəticəsində Türkiyə dövlətini qurmağa müvəffəq oldu. Ancaq qurtuluş savaşı hər bir türkün içində eyni istəklə davam edir. Çünki dövləti, vətəni hər zaman müdafiə etmək millətin borcudur”.

Bildirilib ki, millət bir-birinə sahib çıxdıqca hər zaman güclü olacaq. 19 may 1919-cu ildə bütün türk milləti bir yumruq oldu və bunun sayəsində vətənlərində olan düşmənləri ölkəsindən qova bildi: “Biz bütün çətinliklərə baxmayaraq istədiyimizə nail ola bilərik. Bir araya gəldikcə bu gün nələrə qadir olacağımızı birlikdə görə biləcəyik. 23 apreldə uşaqların necə bir araya gəldiklərini gördük, bu gün də gənclərin növbəsidir”, - deyə səfir vurğulayıb.

Bu əlamətdar günün 100 illiyinin qeyd edildiyini deyən səfir may ayının türk dünyası üçün əlamətdar ay olduğunu, bu ayda ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin anadan olduqlarını diqqətə çatdırıb.

Sonra konsert proqramı davam edib. Konsertdə Azərbaycan Pedaqoji Universitetinin tələbələri, Atatürk və Türkiyə Dəyanət Vəqfi litseyinin şagirdləri türk milli geyimlərilə rəqslər edib, rok musiqiləri səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.