CƏMİYYƏT
Bakıda VI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib VİDEO
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də Bakıda VI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Bakı Avrasiya Universitetinin rektoru professor Nazim Hüseynli simpoziumun önəmindən bəhs edib. O qeyd edib ki, türkdilli ölkələrin nümayəndələrinin iştirak etdiyi bu tədbirdə türk xalqlarının ortaq dəyərlərindən bəhs olunacaq. Simpoziumda türkdilli dövlətlərin universitetlərinin müəllim və tələbələrinin çıxışlarının olacağını deyən rektor tədbir iştirakçılarının qarşılıqlı fikir mübadiləsi aparacaqlarını bildirib.
Sonra türkoloq Zəminə Rüstəmbəyli türk xalqlarının qəhrəmanlıq tarixindən danışıb. O əlavə edib ki, türk xalqlarının dövlətçilik ənənəsi əsrləri əhatə edir. Məhz bunun nəticəsidir ki, bu gün dünyada kifayət qədər nüfuzu olan türkdilli dövlətlər mövcuddur. Orta Asiya, Qafqaz, Asiya və Avropanın bir hissəsini əhatə edən türk coğrafiyası dünyanın mədəni və siyasi tarixində böyük yerə malikdir.
Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, bu gün türkdilli dövlətlər TÜRKSOY, TÜRKPA, Türk Şurası kimi mötəbər təşkilatlarda təmsil olunurlar. Türk dünyası alimlərini bir araya gətirən Türk Akademiyası fəaliyyət göstərir. Deputat qeyd edib ki, Türk Şurasının Naxçıvanda yaradılması dünyaya verilən önəmli siyasi mesajdır.
Türk xalqlarının dərin dövlətçilik tarixinin olduğunu diqqətə çatdıran H.Babaoğlu vurğulayıb ki, dövlət qurmaq hər xalqın istedadıdır. Dünyada beş mindən çox xalq olsa da, onlardan cəmi iki yüzünün dövləti var. Dünya tarixində ilk dövlətlərin tarixi beş-altı min il əvvələ gedir. Beş min il əvvəl bizim dövlətimiz var idi. Eyni zamanda, latınların, midiyalıların və digərlərinin də dövləti var idi. Onlar bu gün yoxdur, ancaq türk dövlətləri bu gün də mövcuddur. Yəni, beş min il əvvəl də dövlətimiz var idi, indi də var və gələcəkdə də olacaq.
Deputat əlavə edib ki, 100 il bundan əvvəl bəzi qüvvələr türk dövlətçiliyinə əngəl yaratmaq məqsədilə xalqlarımızın coğrafiyasında fitnəkar bir erməni dövləti yaratdılar. Tarixi və keçmişi olmayan bu dövlət 100 il əvvəl olduğu kimi, bu gün də təxribatçı planlarını həyata keçirir.
Daha sonra simpozium müzakirələrlə davam edib.