MƏDƏNİYYƏT
Bakıda fransızsayağı caz
Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 14-dən 28-dək Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı keçiriləcək. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin və “Jazz Dünyası” jurnalının dəstəyi ilə təşkil edilir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində oktyabrın 20-də Bakıda INITIATIVES instrumental triosu çıxış edəcək və bu konsert zərif musiqinin pərəstişkarları üçün əsl ərməğan olacaq.
Ansamblın repertuarı sanki improvizasiya xarakteri daşıyan refleksiyalardan ibarətdir. Trionun solisti Jean-Christophe Cholet müxtəlif illərdə Kenny Barron, Charlie Mariano, Lee Konitz kimi görkəmli musiqiçilərlə əməkdaşlıq edib. Qrupun son albomunda zərif pianonun səsi üstünlük təşkil edir; “Cahire”, “Middle of Nowhere”, “Xingang East Road” adlı kompozisiyalar sanki səyahətə dəvət edir… Bu bəstələr dinləyiciləri sehrli bir mühitə aparır.
Konsert Fransanın Azərbaycandakı səfirliyi və Bakıdakı Fransız İnstitutunun dəstəyi ilə reallaşacaq.
Qeyd edək ki, Bakı Beynəlxalq Caz Festivalı yüksək musiqi bayramı, ustad dərsləri, cem-seyşnlər, gənc ifaçıların müsabiqəsi, art-sərgilər və əlbəttə, şəhərin müxtəlif musiqi məkanlarında möhtəşəm konsertlər deməkdir. “Baku International Jazz Festival 2018” -14 parlaq gün, caz musiqisi ustalarının peşəkar konsertləri və yüngül çıxışlar həm səriştəli intellektual tamaşaçılar, həm də dinamik musiqi həvəskarları üçün əsl mənəvi qida olacaq.
Ənənəyə görə, festival çərçivəsində azərbaycanlı musiqiçilərlə yanaşı, müxtəlif ölkələrdən gəlmiş məşhur musiqiçilər də konsert proqramları ilə çıxış edirlər.
Caz festivalı oktyabrın 14-də “Elektra Events Hall” məkanında soul musiqi və fank ustası Omar Lye-Fukun solo konserti ilə başlanacaq. İfaçı həmin gün öz 50 illik yubileyini qeyd edəcək. Festival günlərində ənənəvi olaraq gənc caz ifaçılarının beynəlxalq müsabiqəsi təşkil olunacaq, rəssam Cəmalə Rəhmanlının “Azərbaycan caz qüllələri” sərgisi, kino tənqidçisi Ülvi Mehdinin “Caz janrının klassikası” təqdimatı keçiriləcək.