CƏMİYYƏT
Bakıda keçirilən “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlim uğurla başa çatıb VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə noyabrın 3-dən 8-dək FHN Akademiyasında keçirilən “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlimə yekun vurulub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirə Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Müstəqil Dövlətlər Birliyinin təbii fəlakətlərə cavab tədbiri üzrə əlaqələndirici şəxsi Roberto Kolancelo, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, digər beynəlxalq təşkilatların nümayəndələri və iştirakçılar qatılıblar.
Mərasimdə çıxış edən Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev BMT-nin Beynəlxalq Axtarış və Xilasetmə üzrə Məşvərət Qrupu (INSARAG) və FHN-in birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq regional təlimin müvəffəqiyyətlə başa çatdığını bildirib. Təlim iştirakçılarını səmimi qəlbdən təbrik edən nazir müavini onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. E.Mirzəyev təlimin məhz Azərbaycanda keçirilməsinə və hərtərəfli dəstəyə görə BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinin rəhbərliyinə minnətdarlığını bildirib. Vurğulayıb ki, beynəlxalq regional təlimdə 25-dən artıq ölkə, 10 beynəlxalq və qeyri-hökumət təşkilatları ilə yanaşı, Azərbaycan Respublikasının 25-dən çox mərkəzi və yerli icra hakimiyyəti orqanının nümayəndələri iştirak ediblər.
Nazir müavini bildirib ki, təlim zamanı ssenariyə uyğun olaraq, fəlakət nəticəsində zərərçəkmiş ölkəyə beynəlxalq humanitar yardımın göstərilməsi sahəsində prosedurlar icra edilib. İştirakçılar üçün təcrübə mübadiləsinin aparılması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi baxımından təlimin böyük əhəmiyyəti olub. Bu birgə iş əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə zəmin yaradıb.
Müstəqil Dövlətlər Birliyinin təbii fəlakətlərə cavab tədbiri üzrə əlaqələndirici şəxsi Roberto Kolancelo və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai təlimin uğurla reallaşdırıldığını bildiriblər. Çıxış edənlər təlimin beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dərinləşməsində böyük rol oynadığını vurğulayıblar.
Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Sonda xatirə şəkili çəkdirilib.