CƏMİYYƏT
Bakıda qazanxanadan 135 min manat dəyərində istilik sistemləri və avadanlığı oğurlayan şəxslər tutulublar VİDEO
Bakı, 2 may, AZƏRTAC
Nəsimi rayonunda yerləşən şirkətlərdən birinin qazanxanasından oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən şirkətin rəhbərliyi Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə müraciət edərək qazanxanadan naməlum şəraitdə dəyəri 135 min manat olan istilik sistemləri və avadanlığının oğurlandığını bildirib.
Cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Eldəniz Abbasov və Bərdə rayon sakini Vüsal Məmmədov bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar.
Saxlanılan şəxslər ifadələrində törətdikləri oğurluğu etiraf ediblər. Onlar izahatlarında əldə etdikləri avadanlığın bir qismini satdıqlarını bildiriblər.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. E.Abbasov və V.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.