CƏMİYYƏT
Bakıda uşaq inkişafına həsr olunmuş beynəlxalq konfrans keçirilib
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da Bakıda Azərbaycan Sosial İş İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Vaşinqton Universitetinin Braun Məktəbinin Sosial İnkişaf Mərkəzi, Gələcək Nəsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində “Azərbaycan uşaqlarının parlaq gələcəyinin təmin edilməsi və həyata inamla başlamaları üçün Uşaq İnkişaf/Qənaət Hesabatları haqqında maarifləndirmənin aparılması” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq konfransda “Uşaq İnkişaf Hesabatları: Uşaq İnkişafına Yeni Yanaşma” mövzusunda uşaq müdafiə sistemindəki ümumi problemlər, bu sahədə olan çətinliklər, uşaq müdafiə sisteminin qurulması, uşaq inkişaf hesabatları siyasəti və praktikası, ölkəmizdəki uşaq inkişaf hesabatlarının tətbiqi məsələləri müzakirə olunub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və Azərbaycan Sosial İş İctimai Birliyinin sədri Aytəkin Hüseynli çıxış edərək postsovet məkanında ilk dəfə olaraq ölkəmizdə keçirilən konfransın çox vacib və əhəmiyyətli məsələyə həsr olunduğundan danışıblar.
Vaşinqton Universitetinin Braun Məktəbinin Sosial İnkişaf Mərkəzinin direktoru, professor Maykl Şerraden, Braun Məktəbinin Sosial İnkişaf Mərkəzinin beynəlxalq direktoru Li Zou, İsrailin Tədqiqat və Planlaşdırma İnstitutunun direktor müavini, professor Daniel Qottleb, habelə Türkiyə, İran, Monqolustan, Gürcüstan, Moldova və digər dövlətlərdən gələn mütəxəssislər öz ölkələrində uşaqlara göstərilən maliyyə dəstəyi, yardım proqramları və onlara təqdim olunan sosial xidmətlər barədə ətraflı təqdimatlar ediblər. Çıxışlarda qeyd olunub ki, cəmiyyətin gələcəyi hesab olunan uşaqların düzgün və hərtərəfli inkişafı sosial işin çox mühüm tərkib hissələrindən biridir, bu işə erkən yaşlardan başlanılmalı, onların sağlam və möhkəm bünövrə üzərində böyüməsi və inkişafı üçün hərtərəfli qayğı göstərilməli, üstəlik, bu sahədə mövcud olan bütün səylər birləşdirilməlidir.