CƏMİYYƏT
Bakıda velosiped oğurlayan şəxs saxlanılıb VİDEO
Bakı, 7 mart, AZƏRTAC
Xətai rayonundakı S.Vəzirov küçəsi – 22 ünvanında yaşayan paytaxt sakini İmran Rəsulov polisə müraciət edərək dəyəri 350 manat olan velosipedinin naməlum şəxs tərəfindən oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, analoji müraciətlərlə Xətai Rayon Polis İdarəsinə (RPİ) müraciət edən daha dörd nəfər də müxtəlif vaxtlarda ümumi dəyəri 3000 manatadək olan velosipedlərinin oğurlandığı barədə məlumat veriblər.
Oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş Elxan Mansurov Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edərək oğurladığı velosipedləri satdığını bildirib.
Faktlarla bağlı Xətai RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Mansurov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə və ya Xətai RPİ-yə müraciət edə bilərlər.