CƏMİYYƏT
Bakının Nərimanov rayonunda soyğunçuluq edən şəxs saxlanılıb VİDEO
Bakı, 29 yanvar, AZƏRTAC
Paytaxt sakini Fərid Həsənov yanvarın 25-də Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə müraciət edərək rayon ərazisindəki internet klublardan birindən çıxan zaman tanımadığı şəxsin ona yaxınlaşaraq 187 manat pulunu soyğunçuluq yolu ilə əlindən aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nərimanov rayon sakini Ceyhun Sultanov şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əvvəlcə internet klubda zərərçəkənin pulunu ələ keçirmək istəyib. Amma orada istəyinə nail ola bilməyən C.Sultanov F.Həsənovun klubdan çıxması gözləyib. O, zərərçəkənin pul kisəsində olan 197 manatı götürəndən sonra 10 manatı yol pulu etməsi üçün F.Həsənovun özünə qaytarıb.
Faktla bağlı saxlanılan şəxs barəsində 18-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Soyğunçuluq etməkdə şübhəli bilinən həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Daxili işlər Nazirliyinin 102 - Zəng Mərkəzinə, Nərimanov Rayon Polis İdarəsinə və ya 18-ci polis şöbəsinə müraciət edə bilərlər.