İQTİSADİYYAT
Bakının küçə və prospektlərində trap sisteminin quraşdırılması üçün işlər aparılır
Bakı, 18 noyabr (AZƏRTAC). Bakının küçələrində suların yığılıb qalmasının əsas səbəbi yağış suyunun axması üçün xüsusi drenaj sisteminin olmamasıdır. Şəhərin küçə və prospektlərinin əksəriyyətində kanalizasiya sisteminin olması da vəziyyəti dəyişmir.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Bakının küçələrinin 11 faizindən çoxunda kanalizasiyalardan başqa xüsusi trap sistemi vardır. Bu sistemi küçə və prospektlərdə qurşadırmaq üçün “Azərsu” geniş işlər həyata keçirir. Bu, cari ilin doqquz ayının nəticələrindən də bəllidir. Bu müddət ərzində Həsən Əliyev, Şərifzadə, Təbriz küçələrində, Neftçilər və Mətbuat prospektlərində trap sistemi quraşdırılmışdır. Ümumiyyətlə, sistemin quraşdırıldığı prospektlərin sayı 60-dan çoxdur.
Mütəxəssislər hansı küçələrdə yağış sularının yığıldığını və problemli zona yaratdığını müəyyənləşdirmək üçün yağış zamanı xüsusi monitorinq aparmışlar. Məlum olmuşdur ki, ən problemli sahələr - “Memar Əcəmi” metrostansiyası, Nəsimi və Binəqədi rayonlarıdır. Hazırda “Azərsu” ASC həmin küçələrdə monitorinqləri davam etdirir və orada sistemlər yenidən quraşdırılır.