CƏMİYYƏT
Bakıt Torobayev: Qida təhlükəsizliyi sahəsində Azərbaycanda həyata keçirilən işlər mühüm əhəmiyyət kəsb edir
Bakı, 17 avqust, AZƏRTAC
Azərbaycanda qida təhlükəsizliyi sahəsində çox ciddi iş aparılır. Qırğızıstan nümayəndə heyətinin Qida Təhlükəsizliyi Agentliyinə ziyarəti zamanı buradakı laboratoriyalarda gördüklərimiz bizi təsirləndirdi. Laboratoriyalarda ən son texnologiya və avadanlıqlardan istifadə olunur.
Bunu Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev Qida Təhlükəsizliyi İnstitutunun nəzdindəki laboratoriyalara baxış keçirərkən bildirib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, B.Torobayev institutda qurulan laboratoriyalarda qida təhlükəsizliyi, baytarlıq və bitkiçilik sahələri üzrə müayinələr yüksək peşəkarlıqla həyata keçirildiyini deyib: “Azərbaycan bu istiqamətdə çox ciddi iş aparır. Beynəlxalq qurumlar aparılan tədqiqat və təhlillərin nəticələrini tanıyır. Odur ki, Qırğızıstan da Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir. Azərbaycanlı mütəxəssislərin öz təcrübələrini bizimlə paylaşmalarını istərdik”.
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini onu da qeyd edib ki, qida təhlükəsizliyinin insanların, ümumilikdə millətlərin sağlamlığına təsiri böyükdür, bu baxımdan Azərbaycanda həyata keçirdiyi işlər mühüm əhəmiyyət kəsb edir.