İQTİSADİYYAT
“Baktelecom” onlayn xidmət sahəsini genişləndirib
Bakı, 18 oktyabr, AZƏRTAC
“Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) istifadəçilərin rahatlığını təmin etmək məqsədilə internet tariflərinin onlayn dəyişdirilməsi funksiyasını yaradıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, artıq “Baktelecom”un rəsmi veb-saytı üzərindən “mövcud tarifi dəyiş” bölməsində https://baktelecom.az/onlayn internet sürətini asanlıqla yeniləmək mümkündür. Sözügedən funksiyadan istər optik, istərsə də ADSL xidməti alan bütün istifadəçilər yararlana bilirlər.
Bir müddət öncə “Baktelecom” internet sürətlərini artırıb, bunun müqabilində aylıq ödəniş haqqını endirib. Hazırda mövcud istifadəçilər əlavə vaxt itirmədən və rabitə xidmətləri mərkəzlərinə yaxınlaşmadan yenilənmiş tariflərə qoşula bilirlər. Həmçinin “baktelecom.az” saytı üzərindən “onlayn qoşulma” funksiyası da aktivləşdirilib. Sözügedən bölmə vasitəsilə vətəndaşlar optik internet xidmətinə qoşulmanı məsafə qət etmədən seçdikləri tarif əsasında onlayn sifariş edə bilirlər.
Məlumat üçün bildirək ki, müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə “Baktelecom”un müraciətlərin qəbulunu 24/7 həyata keçirən “155” Çağrı mərkəzi, rəsmi veb-saytında (https://www.baktelecom.az/) onlayn çat bölməsi və sosial şəbəkələrdə hesabları (https://www.facebook.com/baktelecom https://twitter.com/baktelecom https://www.instagram.com/baktelecom.az/) mövcuddur. Vətəndaşlar telekommunikasiya xidmətləri ilə bağlı sorğularını sözügedən əlaqə vasitələri ilə ünvanlaya bilərlər.
Qeyd edək ki,1997-ci ildə yaradılan “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) 2017-ci il iyulun 19-da “Bakı Telefon Rabitəsi” MMC olaraq yenidən təşkil olunub. 2001-ci il mayın 10-da BTRİB-in nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb.
“Baktelecom” dövlət orqanlarına, korporativ və fərdi seqmentdən olan 630 min müştəriyə bütün növ müasir telekommunikasiya xidmətləri – telefon, internet, DATA, İPTV, CDMA və LTE texnologiyalarına əsaslanan telefoniya xidmətləri təqdim edir. Əlavə olaraq şirkət rabitə qurğularının layihələndirilməsi xidmətini də həyata keçirir. Şirkətin bütün istismar ərazisini əhatə edən kabel-kanal qurğuları, fiber-optik şəbəkəsi, IP/MPLS texnologiyasına əsaslanan daşıyıcı şəbəkəsi, GPON texnologiyasına əsaslanan paylayıcı şəbəkəsi mövcuddur. Qurumun tabeliyində altı Rabitə Xidmətləri Mərkəzi, “Azərrabitəlayihə” MMC və “AzEuroTel” MMC fəaliyyət göstərir.
Müştəri məmnuniyyətinin yüksəldilməsi və xidmət coğrafiyasının genişləndirilməsi məqsədilə hazırda fiber-optik, magistral və paylayıcı şəbəkənin əhatə dairəsinin artırılması istiqamətində layihələr həyata keçirilir.
“Baktelecom” haqqında https://www.baktelecom.az/ veb-saytından ətraflı məlumat ala bilərsiniz.