CƏMİYYƏT
“Bakutel-2019” sərgisində DOST Agentliyi “Ən yaxşı debüt’’ sertifikatına layiq görülüb
Bakı, 6 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi “Bakutel-2019” - XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində “Ən yaxşı debüt’’ sertifikatına layiq görülüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 3-dən 6-dək “Bakı Ekspo Mərkəzi”ndə keçirilən sərgidə 1 saylı Bakı DOST Mərkəzi ölkəmizin innovativ yeniliklərindən biri kimi uğurla iştirak edib. Mərkəz sərgidə vətəndaşlara qeydiyyat yerindən asılı olmayaraq xidmətlər göstərib. Sərginin davam etdiyi günlərdə 100-dən çox vətəndaşa əmək, məşğulluq, pensiya, sosial müavinət, əlillik və s. sahələr üzrə operativ xidmətlər təqdim olunub.
Həmçinin “e-arayış” xidməti vasitəsilə vətəndaşlar müavinət, təqaüd, pensiya, maddi yardım, şəhid vərəsələri kimi birdəfəlik ödəmə və imtiyazlı kateqoriyalardan olan vətəndaşlar kimi dövlət tərəfindən avtomobillə təmin olunma barədə real vaxt rejimində arayışlar əldə ediblər.