CƏMİYYƏT
Balakən rayonunda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 8 sentyabr, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis şöbəsinə rayonun Talalar kənd sakini Tural Şahverdiyevin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.
Polis əməkdaşları həmin ünvana baxış keçirdikləri zaman oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 645 kiloqramdan çox olan 20 çətənə bitkisi, həmçinin qurudulması üçün yerə sərilmiş 14 kiloqram 150 qram qurudulmamış marixuana aşkarlanaraq götürülüb. T.Şahverdiyev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.