REGİONLAR
Balakən və Oğuzda buraxılış (qəbul) imtahanları karantin dövrünün tələblərinə uyğun aparılıb
Balakən-Oğuz, 19 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 19-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Balakən və Oğuz rayonlarında ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış (qəbul) imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Balakən rayonunda 5, Oğuzda isə 3 mərkəz ayrılıb. Buraxılış (qəbul) imtahanları Balakən şəhərindəki 1 və 3 saylı tam orta, Texniki-humanitar təmayüllü lisey, Mahamalar və Hənifə kənd tam orta, həmçinin Oğuz şəhərindəki 2, 3 saylı və Padar kənd tam orta məktəblərdə təşkil olunub.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
İmtahanlarda Balakən rayonu üzrə 1056, Oğuz rayonu üzrə isə 587 şagird iştirak edib. İmtahanların idarə olunmasına Balakən rayonunda 13 imtahan rəhbəri və 113 nəzarətçi-müəllim, Oğuz rayonunda isə 7 imtahan rəhbəri və 68 nəzarətçi-müəllim cəlb olunub.
Regional bölmənin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, bütün imtahan mərkəzlərində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.