CƏMİYYƏT
Balakəndə antisanitar şəraitdə fəaliyyət göstərən çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 14 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Balakən rayonunun Qullar kəndində fiziki şəxs Bəhramov Vilayət Əsəd oğluna məxsus çörək istehsalı müəssisəsinə baxış keçiriblər.
Baxış zamanı çörək istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, eləcədə sanitariya-gigiyena, norma və qaydalarının kobud şəkildə pozulması faktı, işçi heyətinin xüsusi geyim formasından istifadə etmədən çalışdığı və müəssisədəki sanitar qovşağın birbaşa istehsal sahəsinə çıxışı olduğu müəyyən olunub.
Yoxlama zamanı istifadə olunan xammal və köməkçi materialların istehsal sahəsində, unun isə birbaşa divara bitişik, normativ texniki sənədlərin tələblərinə zidd olaraq saxlanıldığı, çörəyin yığıldığı rəflərin sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olduğu, emal prosesində istifadə olunan qabların təmizlənmədən antisanitar şəkildə istifadə edildiyi aşkarlanıb.
Aşkar edilən nöqsanlarla əlaqədar çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və qanunvericiliyə müvafiq olaraq digər tədbirlər həyata keçirilib.