REGİONLAR
Balakəndə indiyədək vətəndaşlara 22 min dozadan çox vaksin vurulub
Balakən, 8 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Balakən rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Prosesə başlandığı gündən indiyədək rayon üzrə vətəndaşlara 22 min 35 doza vaksin vurulub.
Rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 13 min 847 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 8 min 188 nəfərdir.
Yaş qrupları üzrə bu günədək Balakən rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 3 min 108 doza, 50-65 yaş arasında vətəndaşlara 9 min 553 doza, 50 yaşadək vətəndaşlara isə 9 min 374 doza vaksin vurulub.