REGİONLAR
Balakəndə quru tütün istehsalı iki dəfədən çox artıb
Balakən, 7 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun təsərrüfatlarında bitkiçilik məhsullarının yığımı başa çatıb. Bu il rayonda bütün növ bitkiçilik məhsulları istehsalında əvvəlki illə müqayisədə artım qeydə alınıb. Ən çox artım tütünçülükdə müşahidə olunub. Belə ki, cari mövsümdə rayonda quru tütün istehsalı ötən illə müqayisədə 2 dəfədən çox artaraq 643 ton olub. 2017-ci ildə isə rayonda 317 ton quru tütün istehsal olunmuşdu.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildiriblər ki, balakənli fermerlər cari mövsümdə 7 min 40 hektar qarğıdalı sahəsindən 42 min 994 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 61,1 sentner məhsul götürülüb. Dən qarğıdalı istehsalı ötən illə müqayisədə 216 ton artıb. Cari ildə Balakəndə kartof, tərəvəz və bostan bitkilərinin istehsalında da nəzərəçarpacaq artım qeydə alınıb. Belə ki, builki mövsümdə məhsul istehsalçıları 580 hektar kartof sahəsindən 5 min 469 ton məhsul götürüblər. Kartof istehsalı keçən ilə nisbətən 213 ton artıb. Tərəvəz istehsalı isə 2017-ci illə müqayisədə 2 min 709 ton artaraq 25 min 488 ton olub. Taxıl istehsalı əvvəlki illə müqayisədə 573 ton, paxlalı bitkilərin istehsalı isə 267 ton artıb.
Hazırda rayonda gələn ilin məhsulu üçün payızlıq taxıl səpini davam edir. Fermerlər indiyədək 1356 hektar sahəyə arpa və buğda səpiblər.